DİLÇİLİKLƏ BƏDİİ YARADICILIĞIN QOVŞAĞINDA

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çoxcəhətli elmi-ictimai və ədəbi-pedaqoji fəaliyyətə malik olub, əhatə etdiyi istiqamətlərin hər birində elmimiz və cəmiyyətimiz üçün faydalı işlər görən tanınmış Azərbaycan ziyalısıdır. Elmi-pedaqoji fəaliyyətlə ictimai fəaliyyətin
üzvü şəkildə əlaqələndirilməsi və vəhdəti geniş mənada alimin ümumiləşdirilmiş obrazını təcəssüm etdirir.
İlk növbədə qeyd etməyi lazım bilirəm ki, Mahirə Hüseynovanın formalaşması və inkişafında onun mənsub olduğu nəsildən gələn ənənələrin və
şəxsi nümunələrin mühüm rolu vardır. Əvvəla, babası Qərbi Azərbaycanın
Dərələyəz mahalının tanınmış ağsaqqalı olan İbrahim Mirzəli oğlunun eloba arasında birlik və həmrəylik yaratmaq, insanlara arxa-dayaq olmaq xüsusiyyəti Mahirə Hüseynovanın da alim və vətəndaş kimi ictimai fəaliyyətinin əsasını təşkil edir. İkincisi, onun həyatında müstəsna rolu olmuş dayısı,
görkəmli elm xadimi və ictimai xadim kimi tanınmış professor Həsən Mirzəyevin şəxsi nümunəsi Mahirə xanımın müəllimlik və tədqiqatçılıq yollarına daim işıq salır.
Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın tərcümeyihalı Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə üzvü surətdə əlaqədardır.
O, məzunu olduğu bu ali təhsil ocağında fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə etmiş, professor elmi adı qazanmışdır. Mahirə müəllimə
Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlikdən kafedra müdirliyinə, filologiya fakültəsinin dekanlığına qədər şərəfli və məsuliyyətli yol
keçmişdir. Hazırda o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru kimi taleyinin universiteti olan doğma ali məktəbin elmi əlaqələrinin genişləndirilməsi, universitetdə idarəetmənin daha da
möhkəmləndirilməsi yollarındakı səmərəli fəaliyyəti ilə alma-mater hesab
etdiyi bu ali təhsil ocağı qarşısındakı mənəvi borcunu və vəzifəsini məsuliyyətlə həyata keçirir. Universitetin çoxminli professor-müəllim heyəti və
tələbə kollektivi arasında Mahirə müəllimənin peşəkar dilçi alim, əsl
müəllim və təşkilatçı kimi qazandığı böyük nüfuz onun çoxillik və çoxcəhətli elmi-pedaqoji fəaliyyətinin qanunauyğun məntiqi yekunudur.
Mahirə Hüseynova Azərbaycanın tanınmış dilçi alimidir. Mahirə
Hüseynovanın “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında Qərbi Azərbaycan motivi özünəməxsus yer tutmuş, araşdırma
materialına çevrilmişdir. Bu, həm də Azərbaycan şifahi xalq ədəbiyyatının
zənginliyi və tarixiliyi haqqında ədəbiyyatşünaslıq tədqiqatı kimi də mühüm
əhəmiyyət kəsb edən sanballı elmi tədqiqat əsəridir.

Şərh yazın